Salam, kodlar.az.md
---
title: "Salam, kodlar.az"
read_time: 4 dəq
date: 30 yan 2026
categories: [ Açıq Bilik ]
---

Salam, kodlar.az

Bu platformadakı ilk yazını sadə, amma vacib bir sualla başlamaq istəyirəm:

kodlar.az niyə yarandı?

Həmişə inanmışam ki, bilik paylaşıldıqca dəyər qazanır. Öyrəndiyim bir çox şeydə başqalarının təmənnasız paylaşdıqlarının böyük payı olub. Bu gün də biliklərimin əhəmiyyətli hissəsi açıq mənbələr hesabına yaranır.

“Açıq Bilik” mədəniyyəti məhz bu tezisi dəstəkləyir. kodlar.az da bu mədəniyyətdə iştirakımın təbii davamı olaraq yarandı. Oxuduqca görəcəksiniz ki, açıq bilik mədəniyyətindən yararlanmaq orada iştirakı da təşviq edir.

Şəxsi təcrübəm

Proqramlaşdırma ilə 2015-ci ildə tanış oldum. YouTube-da hansısa türk kanalından C++ öyrənməyə çalışırdım. Sonra məktəbdə çox sevdiyim bir müəllimim biraz kod yaza bildiyimi eşitdi və məni olimpiada hazırlığına çağırdı. Dərslər pulsuz və açıq idi, amma o vaxt ölkədə informatika olimpiadası sahəsində hazırlıq çox zəif idi. Əlimizdə material yox idi, yol göstərən isə az idi.

Paralel olaraq riyaziyyat olimpiadalarına da qatıldım. Orada AoPS (Art of Problem Solving) adlı bir saytla tanış oldum. Şagirdlər öz ölkələrinin olimpiada məsələlərini paylaşır, müzakirə edir, fərqli həllər təklif edirdilər. Heç kəs “bu mənimdir, gizlidir” demirdi. Hamı bir-birinə kömək etmək istəyirdi. Öyrəmək üçün unikal bir yer idi.

İnformatika üçün də oxşar yerlər tapdım: Codeforces və başqaları. Pulsuz yarışmalar, yeni məsələlər, ardınca həm iştirakçıların, həm də müəlliflərin açıq şəkildə paylaşdıqları həllər… Bəzi olimpiadaçılar bloqlarda öz qeydlərini yazırlar, məsələn, hansı kitabı oxuduqlarını, necə hazırlaşdıqlarını.

Bütün bunlar pulsuz idi. Heç kəs məndən bir şey istəmirdi. Sadəcə öyrənmək istəyənlər üçün açıq qapı idi.

Məktəbi bitirdikdən sonra MIT-ə yola düşdüm. Orada OpenCourseWare ilə tanış oldum. MIT dərslərinin videoları, qeydləri, ev tapşırıqları hamı üçün açıq şəkildə yerləşdirilib. Sonra universitetin içində gördüm ki, bu, sadəcə formal bir proqram deyil: çox professorlar öz dərslərinin materiallarını şəxsi saytlarında da paylaşırlar. Bunların çoxunu az adam bilir, çünki heç bir reklam yoxdur. Sadəcə qoyurlar ki, kim istəsə istifadə etsin.

MIT-də təkcə müəllimlər yox, tələbələr də paylaşmağa həvəslidirlər. Kömək istəsən, onlar öz əlində olan resursları verməkdən heç çəkinmirlər. Mən imtahanlara gedəndə öz “cheat sheet”[^adətən müəllimlər imtahana qeydlər olan 1 kağız gətirməyi icazə verir] vərəqimi çoxlu sayda çap edirdim ki, birdən kiminsə olmasa, onlara da verim.

İndi MIT-də doktorantura namizədiyəm. Üzərində işlədiyimiz araşdırma layihələrində demək olar ki, hər şey açıq baş verir. Bəzən kənardan kimsə görür, maraqlanır, qoşulmaq istəyir. Qapı açıqdır.

Niyə Kompüter Elmləri bu qədər “açıqdır”?

Bu sual təbii yarana bilər. Axı niyə MIT kimi universitetlər, Google və Facebook kimi şirkətlər milyardlarla dollar dəyərində bilik və alətləri pulsuz verirlər? Gizli saxlayıb satmaq daha sərfəli deyilmi?

Bu sualın cavabı kompüter elmlərinin tarixində və “hacker”[^hacker sözü sonradan populyar olmuş “sistemləri sındıran” mənasında yox, kompüterlərin dərinliyinə gedən maraqlılar mənasındadır] mədəniyyətinin köklərində yatır.

Kompüter sənayesinin ilk illərində (1950-60-cı illər) əsas dəyər “dəmir”də (aparat təchizatında) idi. Proqram təminatı isə sadəcə həmin dəmiri işlətmək üçün bir vasitə sayılırdı və mühəndislər arasında resept kimi sərbəst mübadilə olunurdu. Heç kimin ağlına gəlmirdi ki, kodu gizlətsin.

Lakin 70-80-ci illərdə proqram təminatı kommersiyalaşmağa başladıqda, buna qarşı bir reaksiya yarandı. MIT-dəki Süni İntellekt laboratoriyasından Richard Stallman və sonradan Linux kernelini yaradan Linus Torvalds kimi insanlar başa düşdülər ki, bilik qapalı qalsa, inkişaf dayanacaq.

Bu gün istifadə etdiyimiz internetin özü açıq standartlar üzərində qurulub. Əgər Tim Berners-Lee “World Wide Web” (WWW) texnologiyasını patentləşdirsəydi, bu gün bildiyimiz internet olmazdı.

Şirkətlər və universitetlər paylaşırlar, çünki:

  • Hamı eyni açıq alətdən istifadə edəndə texnologiya daha sürətli inkişaf edir.
  • Kodu minlərlə göz yoxlayanda səhvlər daha tez tapılır.
  • Bilik paylaşıldıqca dəyəri itmir, əksinə onu istifadə edən insanlar sayəsində dəyəri çoxalır.

kodlar.az niyə yarandı

Açıq bilik mədəniyyəti mənim öyrənməyimi formalaşdıran əsas amil olub. Bildiklərimin böyük hissəsini başqalarının təmənnasız paylaşımlarına borcluyam.

kodlar.az bu minnətdarlıq hissinin nəticəsidir. Azərbaycan dilində keyfiyyətli texniki məzmun azdır. Mən bu boşluğu bir qədər də olsa doldurmaq istəyirəm. Layihə şəxsi təşəbbüsüm kimi başlasa da, onun gələcəyi sizdən — bu icmadan asılıdır.

Bu platformanı yaşayan, nəfəs alan bir məkana çevirmək üçün sizin səsinizə, təcrübənizə və iştirakınıza ehtiyac var. Bir məqalə yazmaq, bir səhvi düzəltmək və ya sadəcə bir müzakirədə iştirak etmək… Hər bir kiçik addım yerli texnologiya mühitimiz üçün böyük bir daş qoymaq deməkdir.

Gəlin birlikdə öyrənək.

kodlar.az-a xoş gəlmisiniz!

// terminlər

açıq mənbə open source
Mənbə kodu ictimaiyyət üçün açıq olan və sərbəst istifadəyə yararlı proqram təminatı modeli.
↗ Ətraflı
aparat təchizatı hardware
Kompüterin fiziki komponentləri — prosessor, yaddaş, disk və s.
↗ Ətraflı
proqram təminatı software
Kompüterin icra etdiyi proqramlar və əlaqəli məlumatlar toplusu.
↗ Ətraflı

// şərhlər